Çinin viza siyasəti
Çinin viza siyasəti ölkələr arasındakı qarşılıqlı münasibətlər ilə müəyyən edilir. Ölkələr Çinə viza statusu ilə bağlı iki qrupa ayrılır. Bunlar vizasız ölkələr və viza tələb olunan ölkələrdir. Vizasız ölkələrin siyahısı aşağıda verilmişdir:
Bahamalar, Barbados, Belarusiya, Bosniya və Herseqovina, Bruney, Ekvador, Fiji, Qrenada, Yaponiya, Makao, Mavritaniya, Monqolustan, Qətər, San Marino, Serbiya, Seyşel adaları, Sinqapur, Tonqa, Birləşmiş Ərəb Əmirlikləri. Siyahıda olmayan ölkələr viza tələb olunan ölkələrdir. Viza növlərinə gəldikdə, onlar müəyyən kateqoriyalarda toplanır ki, bunlar aşağıda verilmişdir.
- L – turist vizası;
- F – qeyri-kommersiya ziyarət vizası;
- M – biznes vizası;
- Z – iş vizası;
- X1 – tələbə vizası;
- X2 – tələbə vizası;
- C – heyət üzvü vizası;
- J1 – jurnalist vizası;
- J2 – jurnalist vizası;
- G – tranzit viza;
- D – yaşayış icazəsi;
- Q1 – ailə/şəxsi ziyarət vizası;
- Q2 – ailə/şəxsi ziyarət vizası;
- S1 – xarici vətəndaşların ailə üzvləri vizası;
- S2 – xarici vətəndaşların ailə üzvləri vizası;
- R – yüksək ixtisaslı şəxslər vizası.
Hər bir viza növü üçün şərtlər və tələblər fərqlidir. Eyni nüanslar ödənişlərə də aiddir.
Çin Biznes Vizası
Vizasız ölkələrin birindən deyilsinizsə və Çinə səyahət edib biznes fəaliyyəti ilə məşğul olmağı planlaşdırırsınızsa, Çin biznes vizasına müraciət etməlisiniz. Çin biznes vizası ilk dəfə 2013-cü ildə tətbiq edilmişdir. Bundan əvvəl, biznes vizası rolunu F vizası oynayırdı. Biznes vizası üçün əsas tələb, digər ölkələrdə olduğu kimi, Çindəki bir şirkət tərəfindən dəvət olunmanızdır. Bu növ viza yalnız qısa müddətli səyahətlər üçün verilir. "Çin biznes vizasının etibarlılıq müddəti nə qədərdir?" - deyə soruşa bilərsiniz. Vizanın etibarlılıq müddəti adətən üç aydır. Ancaq giriş sayından asılı olaraq 30 gün də ola bilər. Çoxgirişli Çin vizası müraciətçiyə hər girişdə Çində 30 gün qalmaq hüququ verir və maksimum etibarlılıq müddəti bir çox hallarda 90 gün olur. Bir çox hallarda insanlar M və F vizalarını çaşdırırlar. Bəs iki növ viza arasındakı fərq nədir? M vizası danışıqlar, görüşlər, təlimlər və s. kimi biznes fəaliyyətləri ilə məşğul olmaq istəyən insanlara verilir. F vizası isə tədqiqatlar, mühazirələr və mədəni mübadilə kimi qeyri-kommersiya fəaliyyətləri üçündür.
Çin biznes vizası üçün tələb edilən sənədlər hansılardır? Cavab verməzdən əvvəl qeyd etmək istəyirəm ki, müraciətlə əlaqədar ən son məlumatlar və yeniliklərdən xəbərdar olmaq üçün yerli Çin səfirliyi ilə əlaqə qurmağın daha yaxşı olduğunu unutmayın. Tələb olunan sənədlərin siyahısı aşağıda verilmişdir:
- Müvafiq qaydada doldurulmuş və ərizəçi tərəfindən imzalanmış Çin biznes vizası onlayn ərizə forması;
- Çin ərazisindən ayrıldıqdan sonra 6 ay qüvvədə olacaq xarici pasport. Bundan əlavə, pasportda iki boş səhifə olmalıdır;
- Şəkillər. 4,5x3,5 sm ölçüsündə çəkilmiş iki rəngli şəkil;
- Çində qeydiyyatdan keçmiş bir şirkət tərəfindən yazılan və təqdim edilən dəvət məktubu;
- Əgər sizi dəvət edən bir Çin şirkətidirsə, Çin firmasının iş lisenziyasının surəti;
- İş yeriniz haqqında ətraflı məlumat verən bir sənəd. Bu sənəddə əlaqə məlumatları, adlar, ünvanlar və s. qeyd edilməlidir;
Bəzi insanlar sərhəddə biznes vizası seçiminin olub-olmaması ilə maraqlanır. Əgər siz də onlardan birisinizsə, bilməlisiniz ki, Çin sərhəddə biznes vizası yalnız Tayvan vətəndaşları üçün keçərlidir. İşgüzar fəaliyyətləri həyata keçirmək üçün daha asan və əlverişli bir yol olmasına baxmayaraq, bu növün bəzi böyük çatışmazlıqları var. Məsələn, hər hansı bir vacib sənədi gətirməyi unutsanız, ölkənizə geri qayıtmalı olacaqsınız. İtirəcəyiniz vaxtı və pulu düşünün.
Bəs Çin biznes vizasının rüsumu nə qədərdir? Viza rüsumu ölkədən asılı olaraq dəyişir. Məsələn, ABŞ vətəndaşları üçün təkgirişli Çin biznes vizasının qiyməti 140 ABŞ dollarıdır. Ancaq giriş sayı artdıqca xərclər də artır. Əksər ölkələr üçün birdəfəlik giriş haqqı 37 ABŞ dollarına bərabərdir.
Çin biznes vizası necə alınır? Bu, Çin biznes vizası ilə bağlı ən vacib sualdır. Əvvəlcə Çinin yerli səfirliyini və ya konsulluğunu tapın. Ölkənizdə yoxdursa, qonşu dövlətlərdəki ən yaxın səfirliyi tapın. Bundan sonra görüş təyin edin. Səfirliyə təyin olunmuş vaxtda gedin və tələb olunan sənədləri təqdim edin, həmçinin rüsumu ödəyin. Adətən viza müraciətlərinə 4 gün ərzində baxılır. Ancaq tələsirsinizsə, əlavə 30 ABŞ dolları ödəməklə prosesi sürətləndirə bilərsiniz.
Çin Turist Vizası
Çinə sırf səyahət məqsədi ilə səfər etmək istəyirsinizsə, L vizası olaraq da bilinən Çin turist vizasını almalısınız. Vizaların çoxu əvvəlcə 30 gün müddətinə etibarlı olaraq verilir. Ölkədə 30 gündən artıq qalmaq istəyirsinizsə, bunu ərizənizdə göstərməyiniz məsləhətdir. Tək və ya çoxgirişli turist vizası ala bilərsiniz.
Bu viza üçün fərdi və ya qrup şəklində müraciət edə bilərsiniz (Azərbaycan vətəndaşları üçün yalnız ikinci seçim keçərlidir).
Tələb olunan sənədlər:
- Pasport - qayıdış tarixindən sonra altı ay boyunca etibarlı olmalıdır;
- Ərizə forması;
- Şəkillər;
- Dəvət məktubu (dostlarınızı və ailənizi ziyarət edirsinizsə);
- Səyahət marşrutu;
- Viza haqqı (vətəndaşı olduğunuz ölkəyə əsasən dəyişir).
*Səfirlik tərəfindən əlavə sənədlər də tələb oluna bilər.
Xülasə olaraq, Çinin viza-dostu bir ölkə olduğunu və hər il milyonlarla ziyarətçi qəbul etdiyini, buna görə də tələb olunan sənədlər və ya müraciətdə problem olmadığı təqdirdə, viza alma ehtimalınızın yüksək olduğunu deyə bilərik. Qeyri-sabit bir dünyada yaşadığımıza görə, müraciət haqqında ən son məlumat və yenilikləri əldə etmək üçün yerli səfirliklə əlaqə saxlayın.